Fədək - həqiqətlərin açılması üçün bəhanə
Rəhman və Rəhim Allahın adı ilə
Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.05.25 tarixində (qəməri 1431-ci il mübarək ramazan ayının 6-cı gecəsi ilə eyni vaxtda) böyük rəhbərlik məqamının dəftərxanasında söhbətinin xülasəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artırsın, hidayət və səadət yolunda nurlu çıraq olsun.
Fədək - həqiqətlərin açılması üçün bəhanə
Fədək əhvalatı
Allahın tövfiqi ilə həzrət Zəhranın (s) məşhur xütbəsi barəsində söhbətə başlayırıq. Bu xütbənin Fədəkiyyə xütbəsi adlanması səbəbindən öncə Fədək məsələsi barəsində bir qədər izah verməyimiz yaxşı olar; çünki yeniyetmələrimizin çoxunun bu hadisə barəsində yaxşı məlumatı yoxdur.
Fədək Mədinə ilə təqribən 100 kilometir fasiləsi olan Xeybər qalalarının yanında, Mədinənin şimalında yerləşən bir məntəqədir. Bu qalalar və torpaqların sakinləri bəzi yəhudi tayfaları idi. Yəhudilərin Hicaza gəlişi və Mədinədə sakin olmaları İslamdan əsrlər əvvələ təsadüf edir. Yəhudi alimləri peyğəmbərlərdən eşitmiş və kitablarda oxumuşdular ki, zamanın axırlarında bir peyğəmbər məbus olacaq, göndəriləcək. Bu peyğəmbər əvvəlki peyğəmbərləri təsdiqləyəcək və onun dini dünyanı əhatə edəcək. Onlar axirəz-zamanda zühur edəcək peyğəmbəri görüb ona iman gətirmək ümidi ilə Hicaza hicrət edib Mədinənin ətrafında məskunlaşdılar. Çünki həmin peyğəmbərin paytaxtının Mədinə olacağını bilirdilər. Mədinə ətrafındakı üç məşhur yəhudi tayfası vardı: Bəni-Qurəyzə, Bəni-Qəynəqa, Bəni-Nəzir. Bu tayfaların özünəməxsus xüsusiyyətləri var idi: Birincisi, digər yəhudilər kimi var-dövləti sevirdilər və iqtisadi mənafeləri fikirləşirdilər. Onların ikinci xüsusiyyəti uzaqgörənlikləri və sonu düşüncələri idi. Hicaza daxil olanda məhsul verən torpaqları və strateji məntəqələri tanıyıb, özləri üçün möhkəm qalalar qurmağa çalışdılar. Bu qövmün üçüncü xüsusiyyəti, elm və bilik adamları olmaları və ərəblərə nisbətən daha yaxşı mədəniyyətə sahib olmaları idi. Yəhudilər bu xüsusiyyətləri ilə ərəblər arasında xüsusi mövqeyə malik idilər.
Girami peyğəmbər Mədinəyə hicrət etdikdən və Mədinədə İslam dövləti qurulduqdan sonra müxtəlif yəhudi tayfaları ilə əhdlər bağladı. Yəhudilərin müsəlmanlara etiraz edib onlara mane olmamaları və müsəlmanların düşmənləri ilə həmkarlıq etməmələri ilə bağlı razılıq əldə olundu. Lakin bu tayfaların heç biri öz əhdinə vəfa etmədi və məxfi şəkildə bir tərəfdən Məkkə müşrikləri, digər tərəfdən isə Mədinə münafiqləri ilə əlaqə qurdular. Hətta İslam peyğəmbərinin əleyhinə döyüş təşkil olunması üçün zəmin yaratmağa çalışdılar. Münafiqlər onlara söz vermişdiləri ki, əgər siz Mədinəyə hücum etsəniz biz iki min nəfərlik dəstəmizlə sizə kömək edəcəyik. “Münafiqin” surəsində münafiqlərin uyğun hədəfinə işarə edərək buyurulur: “ Onlar deyirlər: “Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır” (“Münafiqun”, 8); Münafiqlər deyirdilər: ”Biz izzətliyik, müsəlmanlar isə Məkkə səfilləri və zəlil insanlardır. Biz onları xaric edəcəyik.” Girami peyğəmbər (s) bundan xəbər tutduqda döyüş üçün hazırlaşdı və sonda bir sıra döyüşlər baş verdi . Bu döyüşlərdən biri də Xeybər döyüşü idi. Xeybər döyüşündə yəhudilərin ən mühüm strateji qalası olan Xeybər qalaları (“Onlar da hasarlarının və qalalarının onları Allahdan saxlayacağını güman edirdilər”; “Həşr”,2) Əmirəl-mömininin qüdrətli əlləri ilə fəth olundu. Xeybərin fəth xəbəri Fədək əhalisinə çatdı. Onlar Xeybər əhalisinin başına gələnlərdən amanda qalmaq üçün peyğəmbərə müqavilə bağlamağı təklif etdilər. Sonda Fədək böyükləri təklif etdilər ki, biz torpaqlarımızı və mülkümüzü sizə veririk. Şərtimiz budur ki, öldürülməyək. Girami peyğəmbər (s) bu təklifi qəbul etdi və onlar hər biri mülklərindən bir dəvə dəyərində götürüb qalanını peyğəmbərə verdilər. Quran “Həşr” sürəsinin 6-cı ayəsində bu macəraya işarə edərək buyurur: “Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız, nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir.” Ayənin məzmunu belədir: Hərbi qüvvənin iştirakı olmadan, həmin torpaqların sakinlərinin peyğəmbərə bağışladıqları bu torpaqlar müsəlmanların döyüşlərdə qənimət kimi əldə etdikləri digər mülklərdən fərqlidir.
Adətən İslam qoşunları kafirlərlə döyüşdə qalib gəldikdə qənimət götürürlər və bu qənimətlərin beşdə biri peyğəmbərə çatır; “Bilin, əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda qalanlarındır...” (“Ənfal”,41) Lakin peyğəmbərin özünə təqdim olan mülkün hamısı peyğəmbərin mülkü sayılır. Fiqhdə döyüşlərdə qənimət kimi götürülən mülklərin qisimləri barəsində söhbət olunur. Bu kimi mülklərə aid bir qisim mülkə Həşr sürəsinin 6-cı ayəsində işarə olunur; ayədə buyurulur: “O şeylər ki, Allah ondan peyğəmbərinə bağışlayır, həmin şeylərdir ki, siz əldə etmək üçün nə at çapmısınız, nə də dəvə sürmüsünüz.” Bu mülkün ixtiyarı peyğəmbərdədir və onlardan başqa heç kəsin haqqı yoxdur.
Fədək əhalisi özləri Fədək ərazisini peyğəmbərə təslim etdilər ki, canları amanda qalsın. Bu ərazi peyğəmbərin ixtiyarında olandan sonra bəzi rəvayətlərə görə, uyğun ayə nazil oldu: “Qohumların haqqını və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver.” (“İsra”,26) Bu mülkün ixtiyarı sizdədir; Lakin “zil-qurbanın” bu mülkdə haqqı vardı. Həqiqətdə göstəriş verildi ki, uyğun mülkün ixtiyar sahibi siz olsanız da, onun bir hissəsini “zil-qurbaya” verin. Rəvayətlərdə deyilir ki, zil-qurbada məqsəd həzrət Zəhradır. Girami peyğəmbər bu şərafətli ayənin göstərişi ilə Fədəki həzrət Zəhraya bağışladı və həyatı zamanı həmin məkanda oranı idarə etmək üçün bir şəxs təyin etdi. Həzrət özünün və həzrət Zəhranın bir illik xərcini götürür və qalanını həzrət Zəhranın hədiyyəsi kimi fəqirlərə paylaşdırırdı. Peyğəmbər həyatda olanadək bu iş davam edirdi.
Peyğəmbərin vəfatından sonra bir neçə gün ərzində İslam cəmiyyətində qəbul edilməsi çətin olan əzəmətli dəyişikliklər oldu. Hər gün və hər gecə eşitdiyimiz, ürəyimizi yandıran əhvalatlar həmin bir neçə gündə baş verdi. Peyğəmbərin vəfatından on gün sonra xəlifə həzrət Zəhranın (s) işçisini Fədəkdən çıxardı və onun əvəzinə başqa bir işçi təyin etdi. Bu işlə Fədəkin gəlirini (120 min dinara çatdığı söylənilib) müsadirə etdi. Uyğun əməli üçün belə izah verirdi ki, uyğun mülk peyğəmbər zamanında fəqirlərə verilirdi; Biz də həmin pulu fəqirlərə verəcəyik.
Lakin əvvəllər həzrət Zəhra öz mülkündən infaq edib, sədəqə verirdi və bu işin hökumətə heç bir aidiyyatı yox idi. Uyğun hadisələrdən 2 ay neçə gün sonra həzrət Zəhra dünyadan köçdü.
Həzrət Zəhra həmin fürsətdə bir neçə nitq söylədi. Onlardan biri həmin məşhur xütbədir. Uyğun xütbə İslamın iftixarı, qiyamət gününədək İslamın, şiəliyin və peyğəmbər ailəsinin haqq olmasını sübut edən dəlillərdəndir. Xoşbəxtlikdən bu xütbə şiələrin səyləri ilə qorundu. Hətta müxaliflərin kitablarında da bu barədə yazılmışdır.
Bizim Fədəklə nə işimiz?!
Bəziləri düşünürlər ki, həzrət Zəhraya daha çox əzab verən hadisə mülkünün alınması idi! Bəzən mərsiyələrdə həzrət Zəhranın adından deyilir: “Uşaqlarımın çörəyini aldılar!” Əgər desək ki, bu söz biz şiələrin Əhli-beytə etdiyi ən böyük zülümlərdən biridir, boş söz deməmişik. Necə ola bilər ki, dünyanın bütün mülkü gözlərində bir ovuc kül qədər dəyərsiz olan şəxslər dünya malını əldən verdikləri üçün narahat olsunlar?! Əmirəl-möminin “Nəhcül-bəlağə”də buyurur: “ Və ma əsnəu bifədəkin və ğəyri fədək” ; Mənim fədək və fədək kimilərlə nə işim?! (“Nəhcül-bəlağə, 45-ci namə) Bu göz yaşları, nalələr, fəryadlar dünya malı üçün idi?! Belə bir təsəvvür xam, yersiz və məntiqsiz təsəvvürdür. İşin həqiqəti budur ki, bu məsələ bir bəhanə oldu ki, həzrət Zəhra (s) bəzi həqiqətləri açıqlasın və bu həqiqətlər qiyamətədək o qədər aşkara çıxsın ki, kimsə onu gizlədə bilməsin. Həzrət Zəhradan (s) başqa heç kəs bu həqiqətləri belə aşkar bəyan edə bilməzdi; hətta Əmirəl-möminin özü də! Həzrət Əmirəl-möminin özü xəlifələrlə tərəfi-müqabil idi və peyğəmbərin xəlifəsi olduğunu iddia edirdi; Ona görə də hər nə desəydi, belə deyəcəkdilər: “İstəyirsən öz xeyrinə danışasan!” Lakin həzrət Zəhra (s.ə) həqiqətləri elə bir formada bəyan etdi ki, bu gün də heç kəs həmin şəxslər barədə uyğun tərzdə danışmağa cürət edə bilmir. Həmin şəraitdə peyğəmbər qızının əlindən gələn yeganə iş bu idi və o həmin bir neçə gündən istifadə etməklə İslama illər və əsrlərə bərabər xidmət etdi.
Həqiqətlərin açıqlanması üçün bir bəhanə
Həzrət Zəhra (s) ilə dövrünün xəlifəsi və xəlifənin məmurları arasında olan söhbətdə bir mühüm nöqtə var. Bəzən bu nöqtəyə diqqət göstərilmir, yaxud lazım olan qədər əhəmiyyət verilmir. Bəziləri isə onu bir şübhə kimi açıqlayırlar. Məsələ belədir ki, bu sahə əslində girami peyğəmbər (s) tərəfindən həzrət Zəhraya (s.ə) verilmişdi; lakin sonradan irs söhbəti ortaya çıxdı və həzrət tələb etdi ki, atamın irsini mənə ver. O da cavab olaraq dedi: Peyğəmbər buyurub: “Nəhnu məaşirul-ənbiya la nuvərrisu” Biz peyğəmbərlər digərləri üçün irs qoymuruq!”
Xəlifənin həzrət Zəhranın qarşısında dediyi bu söz, cümlənin bir hissəsi idi. Onun digər bir hissəsi xatırladılmayan hallardandır; bu səbəbdən mənanın düzgün başa düşülməməsinə səbəb olur. Bizim Əhli-beytdən olan uyğun məzmunda rəvayətimiz var, rəvayətdə həzrət peyğəmbər (s) buyurur: “Nəhnu məaşirul-ənbiya la nuvərrisu dirhəmən və la dinarən”. Yaxud peyğəmbərin özü insanları elm öyrənməyə həvəsləndirərək buyurmuşdur: “İnnəl-ənbiyaə ləm yuvərrisu dinarən və la dirhəmən və ləkin vərrəsul-ilmə fə mən əxəzə minhu əxəzə bihəzzin vafir”; elm peyğəmbərlərin mirasıdır; peyğəmbərlər xalq üçün pul, dirhəm irs qoymurlar; peyğəmbərlərin qoyduğu irs elmdir; bu səbəbdən elmin qədrini bilin, elm peyğəmbər mirasıdır. Amma peyğəmbərlərin xalq üçün nə irs qoymaları ilə öz mülklərindən varislərinə nə irs qoymaları arasında fərq var. Bəzən peyğəmbəri “bima hum ənbiya” sırf peyğəmbər olaraq görür və hüquqi şəxsiyyətini nəzərə alırıq; bu halda peyğəmbərlər ümmət qarşısında görülür. Bu yerdə soruşmaq olar ki, peyğəmbər ümməti üçün nə irs qoyub? Cavabda buyurulur: Peyğəmbər ümməti üçün mülk irs qoymur; əksinə onlar üçün elm, mərifət və din irs qoyur. Lakin peyğəmbərin özü Məhəmməd ibn Abdullah olaraq nəzərə alınırsa, soruşulur ki, həyat yoldaşı və övladları üçün nə irs qoydu? Bu iki hal ayrı-ayrı məsələlərdir. Peyğəmbər peyğəmbər olaraq ümməti üçün mülk irs qoymur və bu düzdür; lakin bu onun İslam hökmlərinə tabe bir şəxs olması ilə ziddiyyət daşımır. İslam peyğəmbəri də İslam hökmlərinə əməl etmək və İslam hüquqlarının ona aid olması baxımından digər müsəlmanlar kimidir. O da digər müsəlmanlar kimi namaz qılmalı, oruc tutmalı Allahın halal və haramlarına riayət etməlidir və “əvfu bil-uqud” ona da şamil olur. Müqabilələrə vəfa qılmalı və... Quranda peyğəmbərlərin övladlarına irs qoyduğunu göstərən açıq aşkar ayələr var; “və vərisə süləymanu davudə.” (“Nəml” ,16) Həzrət Zəkəriyya Allahdan bir övlad istədi ki, həmin övlad onun varisi olsun: “Mənim və Yəqub övladlarının varisi olsun...” (“Məryəm”, 6)
Bu ayələrdə məqsəd peyğəmbər olaraq irs qoymaları deyil; əksinə məqsəd budur ki, ilahi hökmlərə tabe müsəlman olduqları üçün həm onlara irs çatır, həm də varisləri üçün irs qoyurlar.
Bu nöqtəni qeyd etmək istəyirdim ki, cümlənin bir hissəsini kəsmək bəzən cümlənin mənasını dəyişir və əsas məqsədin gizli qalmasına səbəb olur.
Oxşarsız tədbir
Mövzuya başlamazdan öncə bəzi nöqtələrə diqqət göstərməyimiz lazımdır: Həzrət Zəhranın (s) xilafət iddiası edən şəxslərlə mübahisəsi mal və irs mübahisəsi deyildi. Bu mübahisə həqiqətlərin deyilib, tarixə yazılması üçün bir vasitə idi. Uyğun cərəyanlardan sonra həzrət elə bir formada rəftar etdi ki, uyğun hədəf təmin olundu. Həmin yerdə qeyd etdim ki, həzrətın “mən bu şəxslərin cənazəmdə iştirak etməsinə razı deyiləm” kimi vəsiyyət etməsi (Allaha pənah) kin bəsləmək səbəbindən deyildi; əksinə bu onların iddiasını batil edən ən böyük siyasət idi. Həzrət Zəhra (s.ə) uyğun şəxslərə qarşı son dərəcə qəzəbli olduğunu göstərmək istədi və həmin şəxslərin peyğəmbərin (s) hədislərinə hədəf olduqlarını bildirdi. Peyğəmbər hədisdə buyurur:” Hər kəs Fatiməni qəzəbləndirsə, Allahı qəzəbləndirmişdir.” (“Uyune əxbarul-riza” c.2 s.26)
Həzrət Zəhranın cənazəsinin gizli dəfn olunması və başqalarının cənazədə iştirakına icazə verilməməsinin səbəbi bu idi ki, uyğun hadisə tarixdə qalsın və hamı bilsin ki, həzrət heç zaman onlardan razı olmadı. Bu kin bəsləmək məsələsi deyildi. Bu ailə o qədər mehriban idi ki, əgər ən böyük düşmənlərinin hidayət olması üçün zərrə qədər ümidləri olsaydı, onların hidayətinə çalışardılar; lakin həzrət Zəhra bu işi görməsəydi haqq aydınlaşmazdı, mən və siz bu gün İslamı, şiəliyi tanımazdıq. Həzrət Zəhranın (s.ə) uyğun tədbirinin bərəkəti ilə milyonlarla insan İslamın həqiqətini tanıdılar. Mən əminliklə deyə bilərəm ki, əgər həzrət Zəhranın (s.ə) dəfnində iştirak etməklə uyğun şəxslərin hidayət olub tövbə etmələri mümkün olsaydı həzrət Zəhra (s.ə) onların dəfndə iştirakını təkidlə tələb edərdi; amma o bilirdi ki, Əmirəl-mömininlə aşkarcasına müxaliflik edənlər heç bir qiymətə haqqı qəbul etməyə hazır olmayacaqlar. Bu səbəbdən uyğun tədbiri düşündü: gələcəkdəkilər bilsinlər ki, İslam ümmətində bəzi hadisələr baş verdi və bu hadisələr səbəbindən həqiqi İslam yolunun ziddinə, peyğəmbərin tövsiyə və məqsədlərinin əksinə əməl olundu. Gələcəkdəkilərin bunlardan xəbərləri olsun və nəticədə haqqa tabe olmaq istədikləri halda onu tanıya bilsinlər.
İlahi! Bizi həzrət Zəhranın (s) şəfaətindən məhrum etmə.