Altıncı dərs

Fitri tövhid

Bismillahir-Rəhmanir-Rəhim

 

Fitri Tövhid

Qeyd etdik ki, Allaha münasibətdə fitri mərifətlə bağlı iki ayədən istifadə edə bilərik. Bu məqsədlə “Rum” surəsinin 30, “Əraf” surəsinin 172-ci ayələrini nəzərdən keçirdik. “(Ya Rəsulum! Ümmətinlə birlikdə) Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).” - “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: “Biz bundan qafil idik”; Ayələrdən aydın oldu ki, Allah Adəm övladlarına ilkin xilqətdə sual ünvanladı: “Mən sizin Rəbbiniz deyiləmmi?” Onlar buna şəhadət verdilər və qiyamət günü üzrə yer qalmadı. Ayələrin məzmunundan belə məlum olur ki, Allah bütün Adəm övladlarını özlərinə şahid tutmuşdur və onlar şəhadət vermişdilər ki, onların rəbbi Allahdır. Artıq bəhanəyə yer qalmayıb. Nə xəbərsiz olduqlarını, nə də ata-babalarının şirkini bəhanə göstərə bilərlər. Heç bir bəhanə qəbul deyil. Ata-babaların yanlış yolunu getmək də insanı cəzadan azad etmir. Ayələrdə Allahın Adəm övladı ilə birbaşa söhbəti və ondan cavab alması bəyan olunur.
Təfsir baxımından bu ayə Quranın ən çətin ayələrindəndir. Təfsirçilər arasında ayənin bəyanatları ilə bağlı fikir ayrılıqları var. Bu iki ayə ilə bağlı bir xeyli sual yaranıb. Hətta bəziləri ayədən nəticə çıxara bilməyib. Onlar bu ayələri mütəşabeh ayələrdən sayıblar. İnsafla yanaşsaq, ayələrdə çətin anlaşılan nöqtələr var və haqlı olaraq onları mütəşabeh sayıblar. Amma bu o demək deyil ki, ayələrdən heç bir nəticə çıxmır. İki ayəyə tam diqqət yetirdikdə yetərincə aydın olur ki, fitri bir mərifət mövcuddur. Problem ayədə yox, bizim özümüzdədir. Ayədə aydın şəkildə göstərilir ki, Allah bir-bir insanlardan şəhadət aldı. Bəziləri deyirlər ki, insanın tövhid inancından xəbərsiz qalmaqla üzürlü sayılması ayənin aydın nəticələrindən deyil. Hansı ki, bu nöqtələr olduqca aydın bəyan olunub. İnsanın nəzərinə çatdırılır ki, onun həqiqəti tapmaq və azğın ata-babaların yolunu izləməmək üçün kifayət qədər şüuru var. Mürəkkəb nöqtə budur ki, Allahla belə bir söhbəti xatırlamırıq. Xatırlamırıq ki, Allahın varlığına şəhadət vermişik. Əslində bu şübhə yox, sualdır. Hadisə hansı aləmdə baş verib? Bu sorğu hansı şəraitdə olub? İzdiham arasında olubmu? Allahla təklikdə baş veribmi? Mahiyyət baxımından isə şübhəyə yer yoxdur. İnsanın Allaha qarşı-qarşıya şəhadət verməsi qəbul ediləsidir. Çünki burada qarşı-qarşıya dayanma dedikdə hüzuri elm nəzərdə tutulur. Bu birbaşa danışığı pərdə arxasından danışıq kimi qəbul etmək olmaz. Bir şəxs pərdə arxasından söz desə, siz onu tanısanız da səhvə yol verilməsi mümkündür. Burada insan üzürlü sayıla bilər. Təsəvvür edin ki, pərdə arxasından özünü Allah kimi təqdim edən şeytandır və insan düşünür ki, Allahla danışır. Yəni təkcə səs yəqinlik hasil etmir. Səs əsasında danışanın kim olduğuna şəhadət vermək olmaz. Üzr o zaman aradan qalxır ki, qarşı tərəfi görüb tanıyasınız. Məsələn, ata və ya qardaş üzbəüz dayanıb, özünü təqdim edirsə, şübhəyə yer qalmır. Səsin qeybdən gəlməsi problemi həll etmir. İnsan bəhanə edə bilər ki, mən bu səsi dəyişik salmışam. Demək, ayədə nəzərdə tutulur ki, Allahla insan arasındakı danışıqda heç bir üzrə yer qalmayıb. İnsanın bu söhbətlə bağlı bəhanə gətirməsinə zərrəcə yer yoxdur. Ayədə iddia olunur ki, Allah-təala hər bir insanla təkbətək üzbəüz danışdı. Allah soruşur ki, mən sənin Rəbbin deyiləm? İnsan da şəhadət verir. Bu söhbətdə hüzuri şahidlik və idrak hökmən olmalıdır. İnsan Allahla danışdığına şahid olmalıdır ki, şəhadət versin. Məsum imamlardan bu mövzuda rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlər məzmun baxımından mütəşabeh, sənəd baxımından mötəbərdir. Rəvayət kitablarında nəql olunmuş bu mətnlərdə imam Sadiqin (ə) imam Baqirdən (ə) nəqli yer alıb. Sual olunur ki, nəzərdə tutulan söhbət hüzuri olubmu? Yəni insan bu şəraiti müşahidə edibmi? Biz deyəndə ki, doktor müayinə edib, onun xəstəni şəxsən gördüyünü nəzərdə tuturuq. Rəvayətlərdə də “müayinə” sözündən istifadə olunub. Ravi sual verir ki, insan Allahı əyani görübmü? İmam cavab verir: “Bəli... üzbəüz görüş olub amma biz onu unutmuşuq. Bununla belə həmin görüşün təsiri insanın qəlbinin dərinliyində iz salıb.”
Qalır bu “müayinə”nin necəliyini araşdırmaq. Burada bizim əsas mövzumuza aid olmayan təfərrüat var. Şübhəli nöqtələri nəzərdən keçirmək də məqsədimiz deyil. Biz həmin nöqtələri şübhəli də saymırıq. Bu fikirdəyik ki, Quran insanın Allaha şahid olduğunu önə çəkir. Yəni bu təkcə səs eşitmək deyil. “Ələstu bi rəbbikum” hüzuri bir söhbətdir. Əlbəttə ki, biz görmək dedikdə gözlə görməyi nəzərdə tutmuruq. Söhbət dərk etməkdən gedir. Ruhla bağlı olan bu şəhadət qəlbin, idrakın şəhadətidir. Şübhəsiz ki, göz və hisslərlə dərketmə nəzərdə tutulmayıb. Mövzu ilə bağlı nəql olunan rəvayətdə dəqiq şəkildə bildirilir ki, bu hüzuri danışıq olmasaydı, kimsə yaradanını tanımazdı.
Şühudi elmi olmayan insan bir şeyi anlayır ki, kimsə dünya işlərini idarə edir. Daha aydın olmaq üçün deyim ki, bir əsər, bir tikili gördükdə kimsə onun sənətkarını inkar etmir. Əsərin xüsusiyyətləri sənətkarın xüsusiyyətləri ilə tanış olmağa kömək edir. Əsər nə qədər dəyərlidirsə, sənətkar bir o qədər qüdrətli və məharətlidir. Amma hər halda insan əsərə baxmaqla sənətkarı tanıya bilməz. Əsər sənətkarın kimliyini yox, necəliyini göstərə bilər. Əqli dəlillər əsasında deyə bilərik ki, varlıq aləminin hikmət sahibi olan bir yaradıcısı var. O çox qüdrətlidir. O məğlub edilməzdir. Amma bütün bunlar ümumi məfhumlardır. Yəni qüdrətli, alim və hikmət sahibi olan bir yaradan var. Bəs o kimdir? Haradadır? Əqli dəlillər bunu deyə bilməz. Əgər daxilimizdə Allahla rabitə qoyulmasaydı, yaradanla bağlı mərifətimiz olmazdı. Allahı yalnız o vaxt tanımaq olar ki, bir növ şahid olasan. Ümumi tanışlığın isə faydası yoxdur. Bu mövzuda işlənən oxşar təbirlər arasında da fərqlər var. («لَوْلا ذلِكَ لَمْ یَعْلَمْ» ؛ «لَمْ یَدْرِ» ؛ «لَمْ یَعْرِفْ») Sadə dillə desək, fitri mərifət olmasaydı, varlıq aləminin yaradıcısından xəbər tutmazdıq. Bəzən də deyirlər ki, bu mərifət olmasaydı, yaradanın kimliyi bilinməzdi. Əksər rəvayətlərdə bu təbir işlənir. Demirlər ki, yaradanın varlığı bilinməzdi, deyirlər ki, yaradanın kimliyi bilinməzdi. Bəzən də iddia olunur ki, insan ağlı varlıq aləminin yaradıldığını, hətta yaradanın sifətlərini dərk edə bilər. Amma insan qəlbinin dərinliyinə nəzər saldıqda rahatlıqla Allahın varlığını dərk edir. Əgər dua və minacatda ilahi tövfiq olsa və insanın diqqəti bütün ətrafdan kəsilsə, insan Allahı tapa bilər. Bu pərdə arxasından görmək deyil, hüzuri bir şahidlikdir. Qurani-kərimin “Nur” surəsinin 37-ci ayəsində buyurulur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.” Əmirəlmöminin (ə) “Nəhcül-bəlağədə” yuxarıdakı ayə ilə bağlı buyurur: “Allah zikrinin öz əhli var, onlar bu zikri dünya ləzzətlərinə dəyişməzlər.”
Həzrət Əmirəlmöminin (ə) zikr əhlinin xüsusiyyətlərini sadalayır: “Allah batinlərində onlarla minacat edir.” Diqqət edin, həzrət insanların Allahla yox, Allahın insanlarla minacatından, sirli söhbətindən danışır. Bəli, insan üçün belə hallar var. İnsan belə məqama çatmaq əzəmətindədir. Bu məqam təkcə peyğəmbərlər və məsum imamlar üçün nəzərdə tutulmayıb. Onların yolunu ixlasla gedənlər də bu məqama çata bilərlər. Övliyalar insanların əlindən tutub öz məqamlarına qaldırmaq üçün göndəriliblər.

Nəticə

Ayədən belə görünür ki, insanın Allaha münasibətdə hüzuri bir elmi var. Bu mərifət insanı Allahın özü ilə tanış edir. Məsələn, bir bina gördükdə onun əzəmətindən sənətkarın mahir olduğunu anlayırsınız. Bəzən rastlaşdığınız ikinci binanın xüsusiyyətləri sizə birinci binanı və onun sənətkarını xatırladır. Binaların əlamətləri sənətkarın varlığına şahiddir. İnsan Allahın nişanələrini gördükdə qəlbi bu mövzuya yönəlir. Düşünür ki, bunu nə vaxtsa görüb, tanışdır. Bu zaman insan həqiqi ibadətə nail ola bilər. Bir var əvvəl yaradanın özünü, sonra sifətlərini tanıyasan. Amma ikinci halda sifətlər Allahı tanıtdırır. Hazırkı ayədə bildirilir ki, insanın daxilində Allahla şəxsən tanışlıq qoyulub. Həyatda onun əsərlərini gördükdə daxildəki mərifət oyanır. Bu fitri bir tanışlıqdır. Rəvayətdə bildirilir ki, bu səhnə baş verməsəydi kimsə xaliqini tanımazdı. Yəni yaradanın varlığını dərk etsəydi də kimliyini bilməzdi. Amma şühudi mərifət ağılın yaradanın varlığına aparan elmini işıqlandırır. İnsan anlayır ki, öncədən yaradanla tanış olub. Rəvayətlərdə də təsdiq olunmuş bu məna əsasında deyə bilərik ki, insanın Allaha münasibətdə hüzuri və şühudi mərifəti Quranda təsdiqlənib. Burada qeyd edəcəyimiz ikinci nöqtə budur ki, haqqında danışdığımız şəhadət həm də Allahın sifətləri ilə bağlı məlumat verir. Bunlardan biri Allahın rübubiyyətidir. Yəni insan şühudi mərifət əsasında dərk edir ki, Allah təkcə yaradan yox, həm də ixtiyar sahibi, varlıq aləmini idarə edən bir müdirdir. Ayədə də “xaliq” yox, “rəbb” sözü işlədilir. Allah soruşur ki, mən sizin rəbbiniz deyiləmmi? Sanki sual bu şəkildə qoyulub: Sizin varlığınız mənim ixtiyarımda deyilmi? Onlar da bunu təsdiq edirlər. Demək, təkcə xaliqlik yox, həm də rəbblik sübuta yetir. Burada tövhid də təsdiqlənir. Aydın olur ki, Allahdan başqa xaliq və rəbb yoxdur. Bəs bu nəticə haradan alınır? İnsanın nail olduğu hüzuri mərifət təsadüfi və nizamsız deyil. Bu mərifət insanla varlığın səbəbi olan Allah arasında rabitədən danışır. İnsan burada varlıq əlaqəsini tapır. Hüzuri elm o deməkdir ki, insanla Allah arasında rabitə təkvini, yəni təbiətdən gələndir. Əgər insanın başqa bir varlığa da dərin bağlılığı olsaydı bu bağlılıq fitrətində yer alardı. Əgər təkvini rabitə yalnız Allaha aiddirsə , bu həm də tövhid göstəricisidir. Mövzunu yaxşı dərk etmək üçün bir misal çəkək. Təsəvvür edin ki, tavandakı elektrik lampası bir naqillə tavana bərkidilib. İnsan diqqət yetirdikdə həmin naqillərin sayını görür. Əgər iki naqil varsa, insan da həmin sayda naqil görür. İnsanın Allahla rabitəsi də buna bənzəyir. Əgər zehninizdə bir təsvir varsa, bu təsvir zehniniz üzərindədir. Əgər zehniniz olmasa həmin təsvir yaranarmı? Demək, həmin təsvir zehninizə bağlıdır. Varlıq aləmi ilə Allah arasındakı rabitə yuxarıda qeyd etdiyimiz rabitədən çox-çox üstündür. Daxilimizdə tanışlıq olmasa, Allahla insan və aləm arasındakı rabitəni dərk edə bilmərik. Allahla insan arasında təkvini rabitə olduğundan həmin rabitə şühudi olaraq görünür. Pənah aparıram Allaha bu sözdən, ikinci Allah olsaydı, insan fitrətində ikinci bir mərifət də qoyulardı. Siz daxilinizdə neçə məbudla rabitə görürsünüz? Əgər təkvini rabitə birdən artıq olsa, insan da öz daxilində həmin sayda rabitəyə şahid olar. Amma şühudi mərifət yalnız bir rəbb göstərir. Demək, başqa bir rəbb yoxdur. Beləcə, ayədə həm də Allahın birliyi sübuta yetir. Yəni insan şühudi mərifəti sayəsində anlayır ki, yalnız bir Allah mövcuddur. Sizin diqqətinizdən çox şey asılıdır. Bu diqqət sayəsində deyilən nöqtələri dərk edə bilərsiniz. Allahın iradəsi də belədir. Allah istəməsə, bütün varlıq aləmi məhv olar. İnsan diqqətli olsa görər ki, onun varlığı Allahın əlindədir. Allah istəsə insan var, istəməsə yoxdur. Bu rübubi bir həqiqətdir. Yəni varlığımız Allahın ixtiyarındadır. Allah bizim ixtiyar sahibimizdir. “Yasin” surəsinin 82-ci ayəsində oxuyuruq: “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.”
Varlıq aləmi Allaha münasibətdə bu haldadır. İnsan öz şəhadətini unudub. Əgər Allah tövfiq versə, yardım etsə, bunu xatırlayar, eyni zamanda kamillik zirvəsinə çatar. Bu zaman insanın övliya məqamı əldə etməsi mümkündür. Bu məqama çatanda insan anlayır ki, özündən heç bir istiqlalı yoxdur, nəyi varsa, Allahdandır. Bütün varlıq aləmi Allahın iradəsi sayəsində mövcuddur. Allahın istəyi olmasa heç nə olmaz. İnsan bunu hüzuri elmlə görür. Bəzi alimlər bu tanışlığın aid olduğu aləmi “zərr aləmi” və ya “misaq aləmi” adlandırırlar. Biz həmin aləmin keyfiyyəti ilə tanış deyilik. Həmin aləmin, oradakı söhbətlərin necəliyini bilmirik. Bunun səbəbi də bizim düşüncəmizin naqisliyidir. Biz fövqəltəbiətlə, metafizik aləmlə tanış deyilik. Bütün məlumatlarımız bizə verilən xəbərlərə əsaslanır. Allahın zatına, rübubiyyətinə, vəhdaniyyətinə mərifətimiz Allahın lütfüdür. Rəvayətlərdə də təsdiq olunur ki, fitrətlər tövhid üzərindədir. Biz həm “Rum”, həm də “Əraf” surələrində (Fitrət və misaq ayələrində) deyilən həqiqətlərlə tanış oluruq. Bildirilir ki, insan Allahın varlığı və rübubiyyəti ilə tanışdır, Allahın yeganəliyini və pərəstişə layiq olduğunu bilir. Bir çox başqa mətnlərdə də eyni nöqtə yada salınır və qeyd olunur ki, insanın fitrəti hüzuri bir mərifətə malikdir.
Qeyd etdik ki, fitri mərifət iki mənadadır: Ümumi məfhumlardan hasil olan fitri və əqli Allahşünaslıq; şühudi və qəlbi mərifətdən hasil olan hüzuri Allahşünaslıq. Bəli, insan fitrətində Allaha münasibətdə hüzuri bir mərifət var. Onun əsərləri bu gün də fitrətimizdə qaldığından Allahı tanımaqla bağlı heç bir üzrümüz yoxdur. Necə ki, öncə gördüyü binanın əlamətlərini ikinci binada görən insan vahid sənətkarı inkar edə bilməz. Əlbəttə ki, maddi aləmə əsarət nəticəsində yaranan diqqətsizlik fitri mərifəti zəiflədir. Amma peyğəmbərlərin xəbərdarlıqlarından, əqli dəlillərdən sonra insanın bütə, batil məbuda üz tutmaq haqqı yoxdur. İnsan Allaha pərəstiş etməli olduğunu dərk etdikdən sonra batil məbuda necə üz tuta bilər?! Bu halda onun üzrü qəbul olunmaz. O ata-babalarının müşrik olduğunu bəhanə göstərə bilməz. İnsana deyilər ki, əvvəlcədən Allahla tanış olmusan və bütə pərəstiş etməyinə heç bir bəhanə yeri yoxdur. Sənə pərəstiş etməli olduğun Allah tanıtdırılıb. Demək, nəzərdən keçirilən ayələrdə bildirilir ki, Allah varlıq aləminin yaradıcısı, rəbbidir və yeganə məbud olaraq pərəstişə layiqdir. Bu qənaət hüzuri və şühudi elm yolu ilə hasil olur.