Yeddinci dərs

Allahın nemət dəryası

 

Rəhman və Rəhim Allahın adı ilə

Qarşınızdakı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.05.28 tarixində (hicri-qəməri 1431 il mübarək ramazan ayının 9-cü gecəsi ilə eyni vaxtda) əzəmətli rəhbərlik məqamının dəftərxanasında söylədiyi nitqin seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq və hidayət, səadət yolunda nurlu çıraq olacaq.

Allahın nemət dəryası

“Niəm”, “ala” və “minən” kəlmələrinin arasındakı fərqlər

... وَ الثَّنَاءُ بِمَا قَدَّمَ مِنْ عُمُومِ نِعَمٍ ابْتَدَأَهَا وَ سُبُوغِ آلَاءٍ أَسْدَاهَا وَ تَمَامِ مِنَنٍ أَوْلَاهَا؛ جَمَّ عَنِ الْإِحْصَاءِ عَدَدُهَا وَ نَأَى عَنِ الْجَزَاءِ أَمَدُهَا وَ تَفَاوَتَ عَنِ الْإِدْرَاكِ أَبَدُهَا؛(بلاغات النساء، ص 27 وبحارالانوار، ج 29 ص220)
Bu gözəl xütbə həmd, şükür və səna ilə başlandı. Uyğun kəlmələr arasındakı fərqə işarə olundu. Həzrət Zəhra (s.ə) xütbənin davamında buyurur: “Vəs-sənau bima qəddəmə”; Allaha səna edirəm bəndələrinin ixtiyarına verdiklərinə görə.” Bu kəlmənin seçilməsi zahirən əvvəlki cümlələr ilə mütənasibliyə görədir.قدّم yəni جعل الشیء قدامک Ərəb dilində “bir şeyi bir şəxsin ixtiyarında qoydu” demək istədikdə belə deyirlər: “qəddəmə ləh”
Səna mütləq, tam, ümumi təşəkkür, tərifdir; buna görə Allahın həm şəxsin özünə, həm də digər məxluqlara əta etdiyi nemətlərə bu kəlmə ilə təşəkkür olunur. Daha sonra həzrət uyğun nemətləri açıqlayır. Nemətləri açıqlamaq üçün belə də deyə bilərdi: “Min niəmin ammə və alain cəmmə.” Lakin xütbədə seçilmiş cümlə daha gözəldir. Nemətlərin özünü xatırladıb onları izah etmək əvəzinə nemətlər ümumi oluğu üçün əvvəlcə həmin nemətlərin ümumi olmasını xatırladıb buyurur: “ Min umumi niəmin ibtədəəha”; öncədən məxluqların ixtiyarında qoyduğu ümumi nemətlərdən. İlahi nemətlərdən bəziləri nemət verilənin neməti qəbul etmək üçün lazım olan şərtləri əldə etməsindən sonra Allah tərəfindən ona əta olunur; lakin bəzi nemətlər nemət verilən həmin nemətə layiq olmamışdan öncə Allah tərəfindən ona əta olunur. Bətndəki uşaq doğulmazdan öncə Allah ananın sinəsində onun ruzisini yaradır. Daha üstün nümunə budur ki, insanı yaratmazdan öncə Allah ona aid nemətlər hazırladı. İnsan yaranmamışdan öncə yer, hava, işıq, istilik və qida maddələri olmalı idi. Allah bu nemətləri insan yaranmamışdan öncə onun üçün hazırladı. Bəzi dualarda oxuyuruq: “Ey o kəs ki, nemətlərə layiq olmazdan öncə nemətləri ilk olaraq yaratdı.”(Biharul-ənvar, c.51,s. 305) Əlbəttə “qəblə istihqaqiha” (layiq olmazdan öncə) cümləsinin ayrı bir mənası da ola bilər: İxtiyar sahibi olan varlıqlar öz seçimləri əsaında əməlləri müqabilində mükafata layiq olurlar; lakin uca Allah hansısa bir şəxsin öz seçimi ilə gördüyü işlər nəticəsində nemətlərə layiq olmasından öncə, ilk olaraq bəndələrinə nemət verib; hidayət neməti kimi.

Daha sonra həzrət buyurur: “: وَ سُبُوغِ آلَاءٍ أَسْدَاهَا وَ تَمَامِ مِنَنٍ أَوْلَاهَا”
Bəzi dillər kəlmələrin, ibarələrin zənginliyi baxımından sair dillərdən üstündür. Ərəb dili fars dili ilə muqayisədə kəlmələrin zənginliyi baxımından daha yüksək səviyyədədir; bu səbəbdən bəzən görürük ki, bir fars sözünün müqabilində bir neçə ərəb sözü mövcuddur və bu kəlmələrin hər birinin özünəməxsus xüsusiyyəti var. Uyğun cümlədə “təqdim” və “nemət” sözləri var. Fars dilində də təqdim sözü istifadə olunur və bu söz ərəb sözüdür. Uyğun kəlmənin fars dilində hal-hazırda istifadə olunan və həmin mənanı ifadə edən sinonimini tapmaq çox çətindir. Fars dilində nemət mənasını izah etmək üçün təkcə həmin nemət sözü mövcuddur. Əlbəttə, bu söz də ərəb dilindən götürülmüşdür; lakin ərəb dilində həm nemət, həm əla, həm də minnət kəlmələri mövcuddur. Bu kəlmələrin cəm forması niəm, ala və minəndir. Uyğun kəlmələr arasında incə, zərif fərqlər mövcuddur. “Niəm” bütün nemətlərə və insan təbiəti ilə münasib olan nemətlərə deyilir və ümumi mənası var. “Ala” kəlməsi barəsində isə belə deyilir: Bu nemət verilən şəxsin bütün ehtiyaclarını ödəyən bir nemətdir. Quranda “Ərrəhman” surəsində dəfələrlə buyrulur: “Fəbiəyyi alai rəbbikuma tukəzziban”; yaxud başqa bir yerdə buyrulur: “Fəzkuru alaəllahi.” (“Əraf”, 69, 74) Bunlar qeyd olunan xüsusiyyətə malik nemətlərdir. Həzrət xütbədə uyğun sözlərin yanında minnət sözündən istifadə edir. Minnət və minən sözləri çox dəyərli və qiymətli nemətlər barəsində işlənir. Bu səbəbdən Quranda xüsusi yerlərdə “mənnə” sözü “ənəmə” sözü əvəzinə işlənmişdir: “Şübhəsiz, Allah möminlərin boynuna o zaman minnət qoydu ki, özlərindən Onun ayələrini oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərdi” (“Ali-İmran”, 164) Peyğəmbər neməti “mənnə” kəlməsi ilə bəyan olunur; yəni çox əzəmətli bir nemət!
Həzrət Zəhra (s.ə) əvvəlcə “niəm”, sonra “ala” və daha sonra “minən” kəlmələrini işlədir; yəni kəlmələr cümlədəki ardıcıllıqlarına görə bir-birlərinə münasibətdə daha ağır məna daşiyırlar. Bu fəsih, gözəl, ədəbi danışıqdır. Bir neçə oxşar kəlmə eyni cümlədə işləndikdə ardıcıl olaraq zəifdən güclüyə doğru gedilir. Nemətin əta olunması da müxtəlif kəlmələrlə açıqlanmışdır və bu onu göstərir ki, uyğun nitqi söyləyən şəxs nə dərəcədə güclü nitq sahibidir və ədəbi baxımdan necə güclüdür! “Və subuği alain əsdaha”; burada “subuğ” kəlməsindən istifadə olunmuşdur. Yəni Allaha səna deyirəm əta etdiyi xüsusi nemətlərin bolluğuna görə. “Əsbəğə ələykum niəməhu” (“Loğman” ,20). Yəni sizin ixtiyarınızda bol nemətlər qoydu. “Və təmami minənin əvlaha”. “Əvlaha” yəni “ətaha”. Bu sözün müxtəlif mənaları var. Mənalardan biri “hansısa bir işi başa çatdırmaqdır”. Bəzi nüsxələrdə “əvlaha” əvəzinə “valaha” sözü mövcuddur. “Vala” yəni ardinca gətirmək. Əgər “valaha” olsa deyə bilərik ki, burada çox incə bir nöqtə nəzərə alınmışdır: Allah bir şəxsə nemət verəndə həmin qədərlə kifayətlənmir. Əksinə onun davamında daha böyük və daha ağır nemət verir.
جَمَّ عَنِ الْإِحْصَاءِ عَدَدُهَا وَ نَأَى عَنِ الْجَزَاءِ أَمَدُهَا وَ تَفَاوَتَ عَنِ الْإِدْرَاكِ أَبَدُهَا؛
Bu nemətlər o qədər çoxdur ki, onları saymaq mümkünsüzdür. Onların müddəti o qədər uzundur ki, onların əvəzini vermək olmaz. Bu nemətlərin daimiliyi, əbədiliyi idrakımızın fövqündə olmalarına səbəb olur. Həzrət Zəhra (s.ə) burada ilahi nemətlərin üç xüsusiyyətini xatırladır; birincisi kəmiyyət baxımından onların saya gəlməyəcək qədər çox olduğunu bildirir. İkincisi, keyfiyyət baxımından bu nemətlərin əvəzində nə isə ödəməyin mümkünsüzlüyünü qeyd edir. Üçüncüsü isə məhdudluq baxımından sonsuz olduğunu buyurur. Söhbətin davamında bu vəsflər barəsində müəyyən izahlar verəcəyik.

Allahın nemətləri saya gəlməz

جَمَّ عَنِ الْإِحْصَاءِ عَدَدُهَا Allahın nemətlərinin saysız-hesabsız olması barədə Quranda da buyrulmuşdur: “Allahın nemətlərini saymaq istəsəniz sayıb qurtara bilməyəcəksiniz.” (“Nəhl”, 18) Bizim ilahi nemətlərin hamısını saya bilməyəcəyimiz barədə kimsədə şübhə olmasını güman etmirəm; lakin qapalı olaraq “bir dəfəyə saya bilmərik” deməklə bir qədər analiz edib nə üçün ilahi nemətləri saya bilməməyimizi öyrənmək arasında fərq var. İnsan elə yaranmışdır ki, işin incəliyini dərk etdikdə təsəvvürü əməlində yaxud duyğularında təsirli olur. Hamımız bilirik ki, ana məhəbbəti əfsanəvi bir məhəbbətdir və Allah anaya yüksək məhəbbət vermişdir. Bəzən qapalı və ümumi olaraq deyirik: Ana məhəbbəti yüksəkdir və onun haqqını ödəyə bilmərik. Əlbəttə, bu düz sözdür. Lakin ana məhəbbətinin incəlikləri barədə bir qədər çox düşünsək, ana qarşısında lazım olan təvazö hissini daha yaxşı dərk edəcəyik. Ananın bir gecədə öz kğrpəsi üçün nə qədər zəhmət çəkdiyini düşünək. Bir yığın insan içində bir neçə ana ilə bir neçə övlad yatmış olarsa, bu zaman uşaqlardan biri ayılıb ağlayarsa, həmin uşağın anası dərhal yuxudan qalxacaqdır. Əgər uşağın məsələn, qəlbinin ağrıdığını, yaxud ayağının yandığını və sair problemi olduğunu görərsə yerindən qalxır və istənilən bir halda övladını sakitləşdirməyə çalışır. Əgər uzun qış gecəsində uşaq sübhə qədər sakitləşməsə ana da sakitləşmir. Süd verməyi, naz etməyi, məhəbbət bəsləməyi və sair heç nəyi əsirgəmir. Kim hazırdır bir gecə səhərə qədər bir uşaq üçün bu qədər zəhmət çəksin? İnsan bütün bunları bir-bir düşündükdə ana zəhmətinin dəyərini ayrı bir şəkildə dərk edir. Ana neçə illər uşağı üçün belə ürək yandırır və zəhmət çəkir.
Allaha şükür etmək hansısa bir hissdən, duyğudan doğur. İlk öncə insan borcu olduğunu hiss edir. Allahın fitri olaraq insanın vücudunda qoyduğu pak ilahi duyğulardan, hisslərdən biri insanın ona xidmət, yaxşılıq edən qarşısında özünü borclu hiss etməsi və bu yaxşılıqların bir növ əvəzini ödəmək istəməsidir. O ən azı dillə təşəkkür edir. Bu hiss ilahi nemətlərin incəliklərini dərk etdikdə bizdə düzgün formada yaranır. Ümumi olaraq Allahın bizə sağlamlıq verməsini bilməyimiz kifayət etmir. Gərək sağlamlığın nə olduğunu dəqiqliyinə kimi anlayaq. İnsan gözü neçə hissədən və hər hissə milyonlarla müxtəlif hüceyrələrdən təşkil olunmuşdur. Əgər gözün bölmələrindən birində problem yaranarsa, məsələn qara su gələrsə, nə qədər zəhmət çəkmək, nə qədər xərc qoyub müalicə etmək lazımdır? Digər üzvlərimiz də belədir. Əgər Allahın yeməyi xırdalamaq üçün ağzımızda yerləşdirdiyi diş adlanan sümüklərdən biri çürüyərsə hər nə qədər çox xərc qoysaq da onu əvvəlki vəziyyətinə qaytarmaq olmayacaq! Bütün bunlar nə qədər dəyərlidir? Bunların nə qədər dəyərli olduğunu bilmirik...
Bunlar mövcud nemətlərdir. Bunların hər birinin yaranması üçün hansı müqəddimə işlər lazım olub? Hansı amillər toplanıb bu üzvləri yaratmalı idi? Əgər biz yalnız öz bədənimizdə olanlar barəsində fikirləşsək bu zaman Allah qarşısında çox borclu olduğumuzu hiss edəcəyik.


İlahi nemətlər barəsində düşünməyin faydaları

Bu barədə düşünməyin bir çox faydaları var. İlk faydası budur ki, insan nə qədər qiymətli olduğunu bilir. Dırnaq, yaxud tük kimi sadə üzvün nə qədər dəyərli olduğunu görür; bəs göz, qulaq və sair bu kimi üzvlər gör nə qədər dəyərlidir?! Uca Allah bütün bunları bizə əvəzsiz əta etmişdir. Bu barədə diqqətli olmağın ilk faydası budur ki, özünü nemətlərdə qərq olmuş kimi görür və heç vaxt özünü yoxsul, zəif bilmir.
İkinci fayda budur ki, bir az çətinliklə qarşılaşan kimi ah-fəryad etmir. Allahın bizə hansı nemətlər verdiyini unudanda bir başağrıya görə min cür naşükürlük edirik!
Üçüncü fayda budur ki, insan uyğun nemətləri görəndən sonra onda şükür etmək üçün stimul yaranır. Sağlam fitrətə malik insan bir şəxsdən hansısa bir hədiyyə aldıqda ona təşəkkür etməyə çalışır. Bu halda insan Allahın ona bu qədər nemət verdiyini anladıqda, ona şükür etməyəcəkmi?!
Dördüncü fayda budur ki, insan şükür edəndə neməti daha da artır; “Əgər şükür etsəniz sözsüz ki, sizin üçün artıracağıq.” (“İbrahim”, 7) Nəhayətdə bu şükür əbədi səadətə səbəb olur. Təkcə dünyada neməti artmır; Allah ondan razı qalır və onun üçün savab yazır. Şükür səbəbindən olan ibadətin fəziləti, savabı qorxu üzündən yerinə yetirilən ibadətin savabından qat-qat çoxdur. İmam Sadiq ibadət edənlərin üç qisim olduğunu dedikdən sonra buyurur: “Lakin mən şükür səbəbindən ona ibadət edirəm.” Digər bir rəvayətdə isə belə deyir: “Mən sevgi üzündən ona ibadət edirəm.” (“Biharul-ənvar”, c.67, s.18)

İlahi nemətlərin əvəzini vermək mümkünsüzdür

وَ نَأَى عَنِ الْجَزَاءِ أَمَدُهَا
İlahi nemətlər başqalarının insana etdikləri yaxşılıqlarla müqayisəyə gəlməz. İnsana bir kitab hədiyyə olunarsa bu hədiyyənin müqabilində ayrı bir hədiyyə alıb onun əvəzini verə bilər. Lakin Allahının nemətinin əvəzini necə vermək olar? Hər nə var Allahdandır. Nə ilə əvəzini ödəyə bilərik? Necə deyə bilərik: “Milyardlarla neməti mənə verdin, məndə bir kiçik nemət sənə verirəm?!” Haradan gətiririk?

İlahi nemətlər təsəvvürə sığmaz


وَ تَفَاوَتَ عَنِ الْإِدْرَاكِ أَبَدُهَا

İlahi nemətlər bu dünyadakı ötəri nemətlərlə məhdudlaşmır. Allahın əbədi nemətləri var. Bəs əbədi nədir? Ümumiyyətlə biz əbədilik anlayışını düzgün təsəvvür edə bilmirik. Həmişə bu kimi anlayışları bir mənfi qeydlə dərk edirik. Nə zaman sonsuzu təsəvvür etmək istəsək öncə sonu olanı təsəvvür edirik, sonra bir inkar fel təsəvvür edib ona qoşuruq; bu zaman sonsuzu təsəvvür etdiyimizi deyirik! Lakin sonsuzu təsəvvür etməmişik, əksinə sonu olanı təsəvvür etmişik və onu mənfi etmişik. Bizim zehnimiz sonsuzu dərk edə bilməz. Allahın bütün sifətləri belədir. Bizim Allahın sifətlərinin həqiqətini dərk etməməyimizin bir izahı da budur ki, Onun sifətlərinin sayı yoxdur.

İlahi öz dostlarına, övliyalarına lütf etdiyin mərifətdən bir damla da bizə nəsib et!